"Biz təbii olanı seçirik!" RU   
   Sağlam AURA

Aura nədir və çakraların rolu nədən ibarətdir?

Şəkil

Qədim fələsəfəyə əsasən insanın bədənində 7 enerji mərkəzi və ya çakra vardır. Hər çakra bədənin konkret hissəsində yerləşir və müəyyən orqanlara və problemlərə görə cavabdehdir.

Çakralardan buraxılan enerji ilə Aura - yəni insanın ətrafında işıq saçan, adi gözlə görünməyən energetik sahə formalaşır və hər çakra auranın həmin çakraya aid sahəsinin yaranmasında və dəstəklənməsində xüsusi rol oynayır.

Çakralar tam açıq olmadıqda və ya zədələndikdə aura tutqun və zəif görünə bilər. Eyni zamanda, əgər siz sağlamsınızsa və emosional cəhətdən az-çox açıqsınızsa, sizin çakralarınız daha açıq və aktiv, auranız daha güclü, enerjili və sarsılmaz olacaq.

İnsanın energetik bədənində aşağıdakı çakralar mövcuddur:

Birinci çakra - Muladhara

Birinci çarka büzdüm nahiyəsində yerləşir, rəngi - qırmızıdır. O, Yerlə əlaqəni təmin edir və insanın nəslinə görə cavabdehdir. O, insanın fiziki varlıq kimi sağ qalmaq arzusu ilə bağlıdır. Ac qalmaq, incidilmək və ya müflis olmaqla bağlı şüursuz, heyvani qorxu hissi birinci çakranın zədələndiyini bildirən əlamətdir.

İkinci çakra: Svadhisthana

Aşağı çakralardan ikincisi insanın çanaq nahiyəsində yerləşir, rəngi - narıncıdır. O, yalnız fiziki bədənin hissləri ilə yox, həm də insanın həyatdan (qidadan, sudan, münasibətdən) zövq almaq tələbatı ilə bağlıdır. Bu çakranın zədələnməsi özünü iki cür biruzə verir. Bir tərəfdən, bu, yeni zövqlərə, gözəl həyata güclü meyl ilə özünü göstərir. Digər tərəfdən, insan özünü zəif, çirkin, maraqsız hiss edir və bu, həyatdan zövq almağa mane olur.

Üçüncü çakra: Manipura

Üçüncü çakra günəş kələfi nahiyəsində yerləşir, rəngi - sarıdır. Yoqaya əsasən bu çakra insanın "mənlik" duyğusuna - özünə inam, əqidə, prinsipiallıq xüsusiyyətlərinə görə cavabdehdir. Əgər siz müntəzəm olaraq, "yox" demək istədiyiniz halda "hə" deyirsinizsə, bu, üçüncü çakranızın bərpasına ehtiyac olduğunu göstərir. Həmçinin insanın öz arzu və kaprizlərinin köləsinə çevrilməsi və yaxın insanların ondan uzaqlaşdığını hiss etməsi də bu çakranın zədələnməsi ilə bağlıdır.

Növbəti yuxarı çakralar mühüm mənəvi hisslərlə bağlı olduğu üçün onları təcrübəli yoqların və ya bioterapevtlərin nəzarəti altında aktivləşdirmək daha məqsədəuyğundur.

Dördüncü çakra: Anahata

Dördüncü çakra ürək nahiyəsində yerləşir, rəngi - yaşıl və çəhrayıdır. Sevmək hissi və təmənnasız olaraq öz sevgini vermək istəyi bu çakradan törəyir. Bu çakranın zədələnməsi özünü müxtəlif cür göstərir. Məsələn, dünyanın bütün dərdlərinin və bəlalarının fikrini çəkmək, çox vaxt səbəbsiz baş verən günahkarıq hissi. Bu çakranın zədənməsinin başqa bir göstəricisi hansısa məşhur şəxsə qeyri-sağlam məhəbbət və güclü pərəstiş hissi ola bilər. Güclü emosiyalar və ehtiraslar bu çakranın fəaliyyətinə mənfi təsir göstərə bilər və o, "çirklənə" bilər.

Bu çakranın zəifləməsi aşağıdakı çakraların ümumi zədələnməsi ilə də bağlı ola bilər. Bu halda, aşağıda yerləşən çakraları gücləndirmək lazımdır. Aşağıdakı çakralarda problem yoxdursa, dördüncü çakranın vəziyyətini yaxşılaşdırmaq üçün tamamilə yad insanlara kiçik yaxşılıqlar etməklə işə başlamaq məsləhət görülür. Bu zaman ürəyinizə dolan saf sevinc hissini yadda saxlamağa çalışın: bu hissdə bir zərrə də qürur və özündən razılıq yoxdur. Bəyənmədiyiniz insanla ünsiyyət zamanı isə ona xeyir-dua verin və diqqətinizi dördüncü çakranızdakı duyğuya yönəldin.

Beşinci çakra: Vişuddha

Beşinci çakra boğaz səviyyəsində yerləşir, rəngi - mavidir. Bu çakra hər bir insanda olan yaradıcılıq potensialına görə cavabdehdir. Çox vaxt bu yaradıcılığa cəmiyyətdə tələbat olmur. İnsan ürəyinin dolu olduğunu, demək istədiklərinin boğazında yğıldığını, amma başqalarının onu eşitmək istəmədiyini hiss edir. Əksər hallarda yaradıcılıq qabiliyyətinin özünü göstərməsinə daha aşağıda yerləşən çakralar mane olur (layihə hesabına məşhurlaşmaq, pul qazanmaq, mənfəət ədə etmək və s. kimi niyyətlər). Buna görə də həmin çakraları müntəzəm təmizləməklə yanaşı, aşağıdakı meditasiyanı icra edin. Təsəvvür edin ki, layihənizi həyata keçirmisiniz, lakin o, sizə heç bir xeyir gətirməyib. Sizin istedadınızdan bəhrələnmiş və ya xeyir tapmış insanları təsəvvürünüzə gətirərək, yaradıcılıq sevinci yaşamağa çalışın. Qeyd etmək lazımdır ki, adi gündəlik işə də yaradıcılıqla yanaşmaq mümkündür.

Altıncı çakra: Acna

Altıncı çakra burunun üstündən bir qədər yuxarıda - alında yerləşir, rəngi - göydür. Bu çakra beyin fəaliyyətinə təsir edir, təfəkkür funksiyalarına, beyin yarımkürələrinin işinə görə cavabdehdir. O, insanın məlum olmayanı dərk etmək, dünyanın tamlığını hiss etmək və orada öz yerini tapmaq meylləri ilə, intuitiv qavrayışa görə cavabdeh olan təftəlşüurla bağlıdır. Başqalarına məlum olmayanı görmək cəhdini yoqlar "üçüncü gözün" açılması ilə əlaqələndirirlər. Bu çakra ilə işləyərkən xüsusən ehtiyatlı olmaq lazımdır. O, bəsirət gözünü açır, telepatiya, telekinez qabiliyyətini inkişaf etdirir, istənilən elmi qavrama qabiliyyəti yaradır. Müxtəlif ayinlərə maraq və ya ovsunçuluğa can atmaq məhz bu çakranın zədələnməsi ilə bağlı ola bilər.

Altıncı çakranı açmaq üçün özünüzü bütöv, qüdrətli və xeyirxah həyat okeanının bir zərrəsi kimi hiss edin. Həyatınızda məna və sirli təsadüflər axtarın. Lakin bunun üçün müdrik təmkinlilik, düşmənlərə və qeybətçilərə yalnız mərhəmət və təəssüf duyma səviyyəsinə çatmaq tələb olunur.

Yeddinci çakra: Sahasrara

Yeddinci çakra ənsənin yuxarısında - təpə nahiyəsində yerləşir, rəngi bənövşəyidir. Bu, insanın Kosmosla bilavasitə əlaqəsini təmin edən enerji kanalıdır. İnsanın mənəvi mahiyyəti bu çakradan asılıdır. O, təvazökarlığı və ilahi iradənin qəbul edilməsini təmin edir. Yeddinci çakranın mövcudluğunu hiss etməyin əsas üsulu - mənsub olduğunuz dinin müqəddəs kitabını dərrakəli şəkildə oxumaqdır. Bu çakranın aktivləşdirilməsinə bəzi seçilmişlər nail olurlar.

Bəs çakralarımız necə zədələnir?

Bəzi hallarda başqa insanların neqativ energetikası çakralarımızı bağlayır. Bu, nəzər dəymə, böhtan, tilsim və s. şəkildə ola bilər. Digər tərəfdən, çakralarımızın düşməni - biz özümüzük. Həddini aşmaq, qane olmamaq, paxıllıq, ədavət, səbəbsiz qəzəb - bütün bunlar bizim çakralarımızı, xüsusən ürək çakramızı - Anahatanı bağlayan öz "tullantılarımızdır".

Vaxtaşırı "təmizlik" aparın: meditasiya edin. Lazımsız pis düşüncələrdən azad olmağa çalışın, məsələn, kiminsə hansısa təqsirindən keçin, hansısa xoşagəlməz və sizin üçün çoxdan lüzumsuz olan bir şeyi unudun, incikliyi və kinli düşüncələri ürəyinizdən və beyninizdən çıxarın. Bütün pisliklərlə vidalaşın. Öz bəla və uğursuzluqlarınıza gülün. Ürəyinizi yüngülləşdirin.


Auranı necə təmizləmək və gücləndirmək olar?       [ardını oxu] >>


Sağlam aura bölməsində digər yazılar >>



Faydalı məlumatı dostlarınızla bölüşün: